CƏMİYYƏT
ETSN: Ağır fəsadlara səbəb olan yanğınların baş verməməsi üçün müvafiq təhlükəsizlik qaydalarına əməl edilməlidir
Bakı, 1 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyulun 31-də Siyəzən rayonunun Sədan kəndi yaxınlığında ehtiyatsızlıq səbəbindən fermada baş verən və sonradan güclü külək nəticəsində böyük ərazini əhatə edən yanğınla bağlı əhaliyə müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə yanğının Fövqəladə Hallar Nazirliyinin və ETSN-in əməkdaşlarının səyi nəticəsində söndürülməsinə və meşə ərazisinə keçməsinin qarşısının alınmasına baxmayaraq, biri Siyəzən meşəbəyliyinin meşə gözətçisi olmaqla Sədan kəndinin iki sakininin həlak olması təəssüf hissi ilə vurğulanıb.
Nazirlik yanğında həyatlarını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, onlara səbir diləyir.
ETSN bir daha vətəndaşlara müraciət edir ki, ehtiyatsızlıq, etinasızlıq səbəbindən baş verən yanğın hadisələrinin necə ağır nəticələndiyini nəzərə alsınlar. Həmçinin ağır fəsadlara şərait yaradan yanğınların baş verməməsi üçün maksimum dərəcədə ehtiyatlı olsunlar.