EYFEL QÜLLƏSİNDƏ YANĞIN
İyulun 22-də axşam Parisin məşhur Eyfel qülləsində yanğın baş vermişdir. İlkin məlumatlara görə, yanğına teleradiotranslyasiya aparatlarının nasazlığı səbəb olmuşdur.
AZƏRTAC-ın Paris müxbirindən aldığı xəbərə görə, yanğın 324 metr hündürlüyündə olan qüllənin yuxarı texniki mərtəbələrindən birində, tele və radio vericilərin quraşdırıldığı zonada qısaqapanma nəticəsində baş vermişdir.
Müdiriyyət 3000 tamaşaçının qüllədən təcili düşürülməsini təşkil etmişdir. Onların 200-ü həmin anda qüllənin ən yüksək nöqtəsində olmuşdur. Liftlərin qüsursuz işləməsi, xidmət heyətinin yüksək peşəkarlığı sayəsində zərərçəkən olmamış, çaxnaşma düşməmişdir.
Yanğınsöndürmə bölmələri 30 dəqiqə ərzində alovu ram etmişlər. Qüllənin ilk iki mərtəbəsi bir neçə saatdan sonra yenidən tamaşaçılar üçün açılmışdır.