İDMAN
“EYOF Bakı 2019”: cüdoçularımız ilk qələbələrini qazanıblar
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan cüdoçuları XV Avropa Gənclər Olimpiya Festivalına qələbə ilə başlayıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışların birinci günündə qadınlar 40, 44, 48, oğlanlar isə 50, 55, 60 kiloqram çəki dərəcələrində çıxış edirlər. Azərbaycan idmançıları 5 çəki dərəcəsində mübarizəyə qoşulublar.
Oğlanların yarışında mübarizəyə onaltıdabir finaldan başlayan Şükran Zamanlı (55 kq) Portuqaliya təmsilçisi Migel Qaqo üzərində təmiz qələbə qazanıb. Onun komanda yoldaşı Turan Bayramov (60 kq) isə Adam Saferi (Avstriya) ipponla məğlub edib.
Digər təmsilçimiz İsmayıl Qənbərli (50 kq) səkkizdəbir finalda rusiyalı Sergey Mastriukova məğlub olub. Qadın cüdoçumuz Səbinə Əliyeva (48 kq) portuqaliyalı Raquel Britoya uduzub.
Azərbaycan təmsilçiləri Gülşən Bəşirova (44 kq) səkkizdəbir finalda ispaniyalı Mariya Qonzales ilə mübarizə aparır.
Festivalda 40 ölkədən 297 cüdoçu iştirak edir. Azərbaycanı bu nüfuzlu turnirdə 12 cüdoçu (8 oğlan, 4 qız) ilə təmsil olunur.
Yarışların birinci günündə qadınlar 40, 44, 48, oğlanlar isə 50, 55, 60 kiloqram çəki dərəcələrində çıxış edirlər.