İDMAN
“EYOF Bakı 2019”da iştirak edəcək cüdoçularla görüş keçirilib
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdoçular və onların məşqçiləri ilə görüşüb.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, Atletlər kəndində baş tutan görüşdə həm oğlanlardan, həm də qızlardan ibarət milli komandaların məşqçiləri nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Görüşdə cüdoçuların respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçirdikləri, ayrı-ayrı turnirlərdə medallar qazandıqları diqqətə çatdırılıb. Mütəxəssislər festivalda uğur qazanmaq üçün göstərilən etimadı doğrultmağa çalışdıqlarını vurğulayıblar.
S.Sadıqov Azərbaycan dövlətinin idmana, o cümlədən cüdoya göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. O, federasiya rəhbərliyinin cüdoçular üçün hər cür şərait yaratdığını vurğulayaraq, onlara uğurlar arzulayıb.
Festivalın cüdo yarışları iyulun 24-27-də Heydər Əliyev adına İdman Arenasında keçiriləcək. Azərbaycanı bu mötəbər yarışda 8 oğlan və 4 qız cüdoçu təmsil edəcək.