SİYASƏT
Efiopiya mətbuatında ulu öndər Heydər Əliyev haqqında məqalələr dərc edilib
Bakı, 12 dekabr, AZƏRTAC
Efiopiyanın aparıcı “The Reporter” və “Addis Admas” qəzetlərində Amhar dilində dərc edilən məqalələrdə müasir Azərbaycanın banisi və memarı olan ümummilli lider Heydər Əliyevin tarixi xilaskar missiyası barədə məlumat verilir.
Azərbaycanın Efiopiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalələrdə xalqının israrlı təkidi ilə Ulu Öndərin yenidən hakimiyyətə qayıdışı nəticəsində ölkəmizdə sabitlik və təhlükəsizliyin bərqərar olunduğu və respublikamızın müstəqilliyinin qorunduğu bildirilir.
Vətəndaş müharibəsi, anarxiya və süqut vəziyyətində olan və torpaqlarının 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın ağır tarixi problemlərlə üzləşməsinə baxmayaraq, Ulu Öndərin misilsiz xidmətləri sayəsində ölkəmizin XXI əsrə güclü və müstəqil respublika kimi qədəm qoyduğu bildirilir. Azərbaycanın müstəqilliyinin gücləndirilməsi və sabitliyinin bərqərar olunması ilə yanaşı, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanın güclü iqtisadiyyatının əsasının da qoyulmasına nail olunması barədə söhbət açılır.
Həmçinin qeyd olunur ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli qərarları nəticəsində “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi və digər nəhəng dünya miqyasında strateji əhəmiyyətə malik olan layihələr həyata keçirilib.
Yazılarda Ulu Öndərin şərəfli ömür yolu və zəngin fəaliyyəti haqqında məlumat verilərək, Heydər Əliyevin SSRİ-nin rəhbərlərindən biri kimi ən görkəmli dövlət xadimlərindən biri olduğu və 1990-cı ildə sovet qoşunları tərəfindən Bakı şəhərində qanlı qırğın törədilməsi ilə əlaqədar olaraq, ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu cinayət hadisəsini törədənlərin və təşkilatçıların cəzalandırılmasını tələb etdiyi bildirilir.
Məqalələrdə, həmçinin ümummilli lider Heydər Əliyevin hər zaman xalqına bağlı olduğu və həyatını məhz öz xalqına həsr etdiyi vurğulanır və dahi şəxsiyyətin adının Vətənə sədaqət rəmzinə çevrildiyi və Azərbaycan xalqının onun xatirəsini hər zaman böyük sevgi və ehtiramla yad etdiyi qeyd olunur.