CƏMİYYƏT
Ehtiram Xəlilov: Partlayış baş vermiş binanın sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar
Bakı, 4 avqust, AZƏRTAC
Xırdalanda partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov bildirib.
Vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin 112 saylı qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilib. Binanın sakinləri təhlükəsiz əraziyə təxliyə olunublar. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb: “İki nəfər yanıq xəsarəti alıb, 1 nəfər tüstüdən boğulub, daha 1 nəfər travmatik xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Binaya və ərazidəki avtomobillərə dəyən zərər aidiyyəti qurumlar tərəfindən araşdırılır.