CƏMİYYƏT
Ekologiya nazirliyi ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edib
Bakı, 28 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bəzi restoranlardan havaya tüstünün, iy-qoxunun yayılması ilə bağlı yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb. Məlum olub ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, təəssüf ki, onlara vaxtında texniki xidmət göstərilmədiyindən, filtrlər vaxtaşırı təmizlənmədiyindən havaya yenidən tüstü və iy-qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
“Niyə ictimai-iaşə obyektlərinin sahibləri filtrləri vaxtında təmizlənmirlər? Bir neçə günə toyların başlamasını nəzərə alaraq ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək", - deyə mətbuat katibi qeyd edib.