CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşələri qıranlara qarşı sərt tədbirlər görəcək
Bakı, 14 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) meşələrdə ağacların kəsilməsi hallarının qarşısının alınması, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunması məqsədilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ETSN-in səlahiyyətli şəxsləri, rayon icra hakimiyyətinin rəsmiləri, Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsinin, yerli hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət və bələdiyyə nümayəndələri iştirak ediblər.
Meşələrin mühafizəsi, rayon ərazisindəki meşələrdə qanunsuz qırıntı hallarının qətiyyətlə qarşısının alınması, bu sahəyə cavabdeh şəxslərin və ictimaiyyət nümayəndələrinin məsuliyyətinin daha da artırılması məsələsi görüşün əsas müzakirə mövzusu olub. Nazirlik tərəfindən meşələrə qənim kəsilənlərə qarşı qəti və barışmaz tədbirlərin görüləcəyi diqqətə çatdırılıb.
Tədbirin nəticəsi olaraq rayon ictimaiyyəti tərəfindən meşə ərazilərində ciddi ictimai nəzarətin təşkilinə dair qərar qəbul edilib.
ETSN tərəfindən digər rayonlarda da meşələrin mühafizəsi, qanunsuz qırıntıların qarşısının alınması və bu istiqamətdə qəti tədbirlərin görülməsi məqsədilə görüşlərin təşkili davam etdiriləcək.