CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət yerində araşdırılıb
Bakı, 16 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Yasamal rayonu, Tbilisi prospektində “Ist food” kafesinin tikintisi zamanı bir neçə ağacın kafenin binasının içərisində qalması və quruması ilə bağlı daxil olan məlumat yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin ünvana keçirilən baxış zamanı kafenin daxilində 18 ağacın qaldığı məlum olub.
Araşdırma zamanı ağacların qurumadığı, Dövlət Ekspertiza İdarəsinin rəyi əsasında budandığı və onlara mütəmadi aqrotexniki qulluq göstərildiyi müəyyən edilib.
Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib ki, ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və “İst” firmasına məxsus kafenin tikintisi zamanı ağac kəsintisi faktının olmadığı aşkarlanıb.
Hazırda ağaclar bioloji inkişafdadır, bundan sonra da ağaclara qulluq olunması, zədələnməsi hallarına yol verilməməsi üçün “İst” firmasının rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.