CƏMİYYƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə daxil olan şikayət araşdırılıb
Bakı, 22 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, M.Mirqasımovla Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanın qalxması və yaşıllıqların zədələnməsi barədə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentində yaradılmış növbətçi qrup tərəfindən dərhal yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə keçirilən baxış zamanı həmin ünvanda söküntü işlərinin aparıldığı, təhlükəsizlik və sanitar normalara əməl olunmadığı, ətraf ərazilərə toz-dumanın yayıldığı və 1 sofora ağacının zədələndiyi müəyyən edilib.
Araşdırma zamanı “Azadlıq Residence” MMC tərəfindən “Pilot Layihə” çərçivəsində Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ərazidəki mövcud qəzalı binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı məlum olub. Mütəxəssislər ərazidə atmosfer havasında ölçmə işləri aparıblar. Nəticədə havada tozun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı akt və protokol tərtib olunub. Hazırda qanun pozucusu barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.