ELM VƏ TƏHSİL
“Ekoloji kimya” kitabı çapdan çıxıb
Bakı, 6 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin ekoloji kimya kafedrasının müəllimləri Sevinc Hacıyeva, Fətəli Hüseynov və Zərifə Vəliyevanın həmmüəllifi olduqları “Ekoloji kimya” kitabı Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatında çapdan çıxıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, fundamental xarakter daşıyan bu kitabda ekoloji kimya fənninin mühüm elmi yeniliklərini əhatə edən mühazirələri əksini tapıb. Ekoloji kimyanın ətraf mühitdə kimyəvi proseslər və onların təsir qanunauyğunluqları haqqında elm olması kitabın məzmununu təşkil edir. Eyni zamanda, kimyəvi elementlərin və onların birləşmələrinin miqrasiyasına, orqanizmə daxilolma yollarına xüsusi yanaşılıb. Kimyəvi tarazlığa antropogen təsirlərin nəticələri də kitabda əks olunub.
Kitab ekologiya, təbiətdən istifadə istiqamətləri üzrə təhsil alan ali məktəb tələbələri, həmçinin ekologiya, təbiətdən istifadə və ekoloji mədəniyyət kimi aktual məsələlərə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.