CƏMİYYƏT
Ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə 54 akt və protokol tərtib olunub
Bakı, 19 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yanvarın 5-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 54 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 7 müddətli məcburi göstəriş verilib.
Ümumilikdə 9 iş üzrə 12400 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 4 iş üzrə 3286,14 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 506 iş üzrə 42776,75 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına 20, məhkəmələrə isə 1 iş göndərilib.