MƏDƏNİYYƏT


Ekranlarda əbədiləşən ömür VİDEO

Bakı, 26 mart, Z.Mansurova, AZƏRTAC

Adı sənət tariximizin qızıl fondunu bəzəyən görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələsgər Ələkbərovdan söz düşəndə, ilk növbədə gözlərimiz önündə onun ekranda yaratdığı azərbaycanlı kişisinin təbii obrazı - Rüstəm kişi canlanır.

Ə.Ələkbərov həqiqətən dramatik rolların əvəzsiz ifaçısı idi. Aktyorun səhnədə, ekranda görünməsi tamaşaçılara, demək olar ki, təkrarsız və unudulmaz anlar bəxş edirdi.

Martın 26-da bu böyük sənətkarın 105 yaşı tamam olur. Ə.Ələkbərov 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə İ.Əbilov klubundakı dram dərnəyinə gedib. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli, ikinci bələdiyyə kimi yaddaqalan obrazlar yaradıb.

Ə.Ələkbərov 1933-cü ildə Akademik Dram Teatrına dəvət alıb və bu teatrda onlarla yaddaqalan rol yaradıb. Aktyorun yaratdığı iki obraz - Vaqif və Otello onun yaradıcılığının zirvəsi hesab olunur.

Unudulmaz sənətkar həm də bir sıra filmlərdə maraqlı rollar yaradıb. O, Dovjenko adına Kiyev kinostudiyasında çəkilən “Varislər” filmində don Aqilla rolunu uğurla oynayıb.

Azərbaycan kinosunda yaratdığı Rüstəm kişi, Fətəli xan kimi yaddaqalan rollar Ə.Ələkbərovun sənət dünyasının ən yüksək zirvələrini təşkil edir. O, “Lətif”, “Almaz”, “Kəndlilər”, “Leyli və Məcnun”, “Uzaq sahillərdə” filmlərindəki rolları ilə kino tariximizdə silinməz izlər qoyub.

Ə.Ələkbərov səhnə və kino fəaliyyətinə görə 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.

Görkəmli sənətkar 1963-cü il yanvarın 31-də vəfat edib. O, Fəxri xiyabanda dəfn edilib.

Allah rəhmət eləsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.