SİYASƏT
Ekspert: Avropa Şurası fəaliyyətini məqsədyönlü iftiraçılıq üzərində qurub
Bakı, 6 fevral, AZƏRTAC
Bu gün Azərbaycan dövləti müstəqil siyasət həyata keçirir. Əbəs deyil ki, Prezident İlham Əliyev Azərbaycanın AŞPA-nın tələb etdiyi müddəalara əməl etməyəcəyini bildirdi və bu qətiyyət ikili standartlara qarşı atılan addım kimi dəyərləndirilməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib. Ekspert əlavə edib ki, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Bu həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. AŞPA-nın istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı qərəzli, hətta ondan da artıq münasibət sərgiləməsi artıq bu qurumun reallıq deyil, məqsədyönlü iftiraçılıq üzərində fəaliyyət göstərdiyini sübut edir.
B.Quliyev vurğulayıb ki, müxtəlif adda “hesabatlar”ın və “siyasi məhbus” kimi böhtançı qətnamələrin hazırlanmasında ölkəmizi hədəf seçən AŞPA işğalçı Ermənistanda həbsxanalarda siyasi məhbusların həyatlarını itirdiyi halda, hansı demokratiyadan dəm vurur. Yaxud, AŞPA nəyə görə Avropa ölkələrində baş verən iğtişaşlarda həbs edilənləri siyasi məhbus elan etmir? Niyə hədəf Azərbaycan və Türkiyədir? Çünki burada ölkələrimizin iqtisadi gücü, artan siyasi potensialı mövcuddur və bu güc artarkən bəzi qüvvələr, xüsusilə AŞPA-dakı qərəzli, böhtançı, ermənipərəst siyasətbazlar narahat olmağa başlayırlar. Ölkələrimiz regional gücdən beynəlxalq gücə çevrildikləri üçün bu cür riyakar, ikiüzlü amillər daha açıq formada özünü büruzə verməyə başlayır. Amma onlar təəssüflənməli olacaqlar. Əslində AŞPA düşünməlidir ki, o, Azərbaycana lazım deyil, Azərbaycan ona lazımdır. AŞPA Prezident İlham Əliyevin fikirlərini diqqətə almalı, riyakarlıq siyasətindən əl çəkməlidir.
Ekspert qeyd edib ki, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdan itirib. Çünki Azərbaycan daim siyasi sifariş əsasında hədəf seçilib, ölkəmiz haqqında olmayan yalanlar uydurulur. Bu səbəbdən Azərbaycan onun mövqeyini, maraqlarını, fikrini qəbul etməyə hazır olan təşkilatla işləməyə hazırdır, ancaq özü-özünü ifşa edən, qərəzli sənədlər qəbul edən, öz taleyini sual altına qoyan təşkilatla deyil. Avropa Şurası demokratiya, insan haqları, qanunun aliliyini bir alət kimi istifadə edərək, bu alətdən öz taleyini tamamilə yanlış istiqamətə yönəltmək üçün istifadə edir. İkili standartlar, riyakarlıq, qərəz, daimi təhdid siyasətinin yürüdülməsinə görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir.