SİYASƏT


Ekspert: Azərbaycanın beynəlxalq oyunçularla əlaqələrində də postmünaqişə dövrünün başlandığı, münaqişə gündəliyinin bağlandığı görünür

Ekspert: Azərbaycanın beynəlxalq oyunçularla əlaqələrində də postmünaqişə dövrünün başlandığı, münaqişə gündəliyinin bağlandığı görünür

Bakı, 7 fevral, AZƏRTAC

Fevralın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşü ölkəmizin xarici siyasətinin növbəti böyük uğuru və tarixi hadisə kimi qiymətləndirmək olar. Bu görüş, ilk növbədə, 44 günlük Vətən müharibəsindən sonrakı dövr üçün Azərbaycanın xarici siyasətində mühüm əhəmiyyət daşıyır. Belə ki, həmin görüşün gündəliyinin tam olaraq Azərbaycanın mövqeyinin və maraqlarının əsasında formalaşdığı aydın şəkildə görünür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqov söyləyib.

F.Çıraqov bildirib: “Hamımız 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Azərbaycana qarşı təzyiqləri, qərəzli və ermənipərəst yanaşmanı yaxşı xatırlayırıq. 44 günlük müharibəni aparmaq nə qədər çətin idisə, onun nəticələrini və yeni reallığı beynəlxalq oyunçulara qəbul etdirmək diplomatik baxımdan bəlkə ondan da çətin məsələ idi. Fevralın 4-də keçirilən görüşün nəticələrinə dair Birgə Bəyanata istinad edərək, artıq xalqımızın və dövlətimizin başda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla bu çətin vəzifənin də öhdəsindən gəldiyini tam əminliklə deyə bilərik. Başqa sözlə, artıq beynəlxalq münasibətlərdə və Azərbaycanın beynəlxalq oyunçularla əlaqələrində də postmünaqişə dövrünün başlandığını, münaqişə gündəliyinin bağlandığını və yeni səhifənin açıldığını deyə bilərik”.

Şöbə müdiri deyib ki, Bəyanatın mətnində “Dağlıq Qarabağ münaqişəsi”, “Minsk qrupu” və hətta “Qarabağ” ifadələri ümumiyyətlə yoxdur. Birgə Bəyanatda Azərbaycan ilə Ermənistan arasında münasibətlər ölkəmizin mövqeyi əsasında postmünaqişə prizmasından əlaqələrin normallaşdırılması, sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, etimad quruculuğu və humanitar mövzular əsasında müəyyənləşdirilir. Fevralın 4-də keçirilən görüş müstəqil və milli maraqlara əsaslanan xarici siyasət yürüdən Azərbaycanın mürəkkəb beynəlxalq münasibətlər sistemində Avropa İttifaqı üçün strateji əhəmiyyətinin daha da artmasının göstəricisidir. Təsadüfi deyil ki, eyni zamanda, Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycanı Aİ-nin etibarlı tərəfdaşı adlandırdı. Komissar İqtisadi Sərmayə Planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirdi və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edərək, Aİ-nin ölkəmizdə həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu vurğuladı. Beləliklə, Azərbaycan özünün düşünülmüş, uzaqgörən və müdrik xarici siyasəti ilə heç də uzaq keçmişdə olmayan bəzi dairələrin ölkəmizin əleyhinə çevrilmiş siyasətlərinin nəinki qarşısını ala bildi, hətta onları öz mövqeyi ilə hesablaşmağa və gündəliyini qəbul etməyə məcbur etdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.