SİYASƏT


Ekspert: Bakıda keçirilən paradda Azərbaycan və Türkiyə dünyaya birlik mesajı verdi

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakının azad edilməsinin 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən möhtəşəm parad iki ölkə arasındakı qardaşlıq münasibətlərini dünyaya bir daha nümayiş etdirdi. Bu, həm də onu göstərir ki, Azərbaycan xalqı qardaş dəstəyini heç zaman unutmayıb. Bu tədbirlə iki qardaş ölkə Bakıdan dünyaya birlik mesajı verdi. Bu gün Türkiyə və Azərbaycan regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayırlar.

AZƏRTAC xəbər verir ki, bu fikri sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradın əhəmiyyətindən danışan hərbi ekspert, “AzeriDefence” jurnalının bas redaktoru Rəşad Süleymanov deyib.

Ekspert bildirib ki, 1918-ci ildə türk və Azərbaycan əsgərlərindən ibarət Qafqaz İslam Ordusu Bakını 36 saatlıq döyüş əməliyyatı ilə xilas edib. Bu döyüşdə 1000-dən çox insan şəhid olub, yaralanıb. Bu gün xalqımız o şəhidləri unutmayıb. Bakıda və respublikanın digər bölgələrində onların xatirəsi əbədiləşdirilib.

Rəşad Süleymanov vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti, eləcə də Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Yıldızları” akrobatik qrupları cari ilin iyun ayında Bakıda keçirilən hərbi paradda da iştirak edib, Türkiyə Ordusunun Bakıya gələn heyəti medallarla mükafatlandırılıb. Bakının azad edilməsinin yüz illiyi münasibətilə keçirilən paradda Azərbaycanın və Türkiyənin prezidentlərinin iştirak da xüsusi vurğulanmalıdır. Azərbaycan və Türkiyə arasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də sıx əlaqələr mövcuddur. Bu əlaqələr kadr hazırlığı, təminat-təchizat, hərbi sənaye və digər sahələri əhatə edir. Türkiyənin müdafiə sənayesi şirkətləri Azərbaycan Ordusunun müasir silah və texnikalarla təchizatında mühüm rola malikdirlər.

Paradda ordumuzun arsenalında yer alan Türkiyə istehsalı TR-122 “Sakarya”, TR-300 “Qasırğa” yaylım atəşli reaktiv sistemlər, antidron silahlar, “Kobra”, ZPT, “Engerek” maşınları, digər raket sistemləri əyani nümayiş olundu. Bu gün Türkiyə Ordusu da Azərbaycan istehsalı olan müxtəlif silahlardan istifadə edir. Son illər Türkiyə hərbi sənayesinin güclənməsi Azərbaycana da öz təsirini göstərib. Ordularımız arasında texniki uyğunluq təmin edilir, şəxsi heyət hər il Azərbaycanda və Türkiyədə keçirilən çoxsaylı təlimlərdə birgə fəaliyyət imkanlarını təkmilləşdirir. İki ölkə hərbçilərinin birgə tədbirlərdə iştirakı qardaşlıq bağlarının daha da möhkəmləndirilməsini təmin edir, eyni zamanda, Azərbaycan Ordusunun modernləşdirilməsində rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.