SİYASƏT


Ekspert: Ermənistanın Azərbaycana feyk ittihamlar uydurmaq vərdişini mötərizəyə alsaq, vəziyyət çox müsbətdir

Ekspert: Ermənistanın Azərbaycana feyk ittihamlar uydurmaq vərdişini mötərizəyə alsaq, vəziyyət çox müsbətdir

Moskva, 26 may, AZƏRTAC

Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etmək üçün Rusiyaya işgüzar səfəri başa çatdı. Azərbaycan Prezidentinin bu səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli danışıqları oldu. Politoloq, “Vestnik Kavkaza” agentliyinin baş direktorunun müavini Andrey Petrov AZƏRTAC-ın müxbiri ilə söhbətində Moskvada keçirilən üçtərəfli görüşün yekunlarını şərh edib.

-Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada aparılan danışıqlarını necə qiymətləndirirsiniz?

-İlk baxışda, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Moskva görüşünün elə bir xüsusi nəticələri olmayıb. Heç bir sənəd imzalanmayıb, hərçənd ən azı kommunikasiyaların açılmasına dair belə gözləntilər var idi. Danışıqların yekunlarına görə, növbəti həftədə kommunikasiyaların blokadasının birdəfəlik aradan qaldırılması məsələsi üzrə Baş nazirlərin müavinlərinin görüşünün keçirilməsi barədə razılıq əldə olunub. Lakin, zənnimcə, Ermənistan-Azərbaycan nizamlanmasında baş verənlərin anlaşılması kontekstində bu görüş Brüsseldə keçiriləndən daha mühüm idi. Brüssel görüşü tərəflərin sülh sazişinə nail olunması və Cənubi Qafqazda sabitlik istiqamətində irəliləməsi baxımından mühüm olub. Amma konkret detalların müəyyən edilməsi üçün Moskva görüşü faydalı idi. İlham Əliyevin çıxış etdiyi Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclası sayəsində biz pərdə arxasında baş verənləri görə və Ermənistanın müharibədən sonrakı proseslərə hansı problemlər yaratmağa davam etməsini öyrənə bildik.

-Ermənistanın baş nazirinin texniki ifadələrlə bağlı iddialarını nə dərəcədə ciddi hesab edirsiniz?

-Paşinyan “dəhliz” sözü ilə bağlı vurnuxurdu, o, həmin kəlməni eşitmək istəmir, bu, onun xoşuna gəlmir. O, Laçın yolunun blokadasını uydururdu, amma əslində, blokada yoxdur. Paşinyan bütün yekun nitqini Avrasiya İqtisadi Birliyinə deyil, Prezident Əliyevin çıxışındakı ifadələrə iddialara və haqsız etirazlara həsr etdi. Lakin ən əsas olanı, biz Əliyev, Paşinyan və Putinin iştirakı ilə bağlı qapılar arxasında canlı diskussiyanın necə keçdiyini gördük. Başlıcası, biz öyrəndik ki, Ermənistanın artıq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar irəli sürmək üzrə heç bir planı yoxdur. Daha bir mühüm məqam: Prezident İlham Əliyev onun ittihamlarına cavab verərkən dedi ki, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından sonra sülh sazişinə nail olmaq üçün imkan var. “Dəhliz” sözü ilə bağlı şikayətinin növbəti hissəsini bitirən Paşinyan cavabında vurğuladı ki, bəli, Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanıyır və bu əsasda münasibətlərin nizama salınmasına hazırdır.

-Sizcə, Moskvada keçirilən yüksək səviyyədə görüşün yekunu ilə bağlı konkret nə demək olar?

-Əgər Paşinyanın çıxışının mahiyyətinə varsaq görərik ki, ən əsas problem aradan qaldırılıb. Moskva görüşündən anladıq ki, Ermənistan Qarabağda separatçı layihəni dəstəkləmir. Gündəlikdə qalan bütün məsələlər isə ikinci dərəcəlidir və işgüzar qaydada həll olunacaq. Yekunda, bu görüş texniki, Brüssel və Kişineu raundları arasında aralıq xarakteri daşıyırdı. Ermənistanın Azərbaycana feyk ittihamlar uydurmaq vərdişini mötərizəyə alsaq, vəziyyət çox müsbətdir.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.