İQTİSADİYYAT
Ekspert: Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik sahibkarların işini asanlaşdırır
Bakı, 13 aprel, AZƏRTAC
Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də mənfəət (gəlir) vergisi bəyannaməsinin təqdim edilməsi şərtləri ilə bağlıdır.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, mövzunu şərh edən iqtisadçı ekspert Anar Bayramovun sözlərinə görə, Vergi Məcəlləsinə əlavə edilmiş 72.4-1-ci maddə vergiödəyicilərinin təqdim etdikləri vergi hesabatları ilə bağlı inqilabi dəyişiklik hesab oluna bilər. Həmin maddəyə əsasən, bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır və hesabat dövrü üzrə vergiödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.
Ekspert qeyd edib ki, bu maddə bir sıra hallarda mal göndərənin, iş görənin və xidmət göstərənin vergi tutulan əməliyyatlarına tətbiq edilir: Əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; Əməliyyatın xarakteri dəyişdikdə; Qiymətlərin aşağı düşməsi və ya hər hansı digər səbəbdən əməliyyat üçün razılaşdırılmış kompensasiya dəyişdikdə; Vergiödəyicisi elektron qaimə-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda.