SİYASƏT


“El Mundo”: Ermənistan Azərbaycanla “ağrılı” sülh imzaladı

Madrid, 11 noyabr, AZƏRTAC

İspaniyanın geniş oxucu kütləsinə malik “El Mundo” qəzetində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən noyabrın 9-da imzalanan birgə bəyanatın müddəaları, habelə sənədin Azərbaycan və Ermənistan xalqları tərəfindən necə qarşılanması barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Prezident İlham Əliyevin Rusiya Prezidenti ilə videokonfrans formatında keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə istinad olunaraq, üçtərəfli bəyanatın imzalanmasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayacağı qeyd olunur.

Eyni zamanda, Prezident İlham Əliyevin noyabrın 10-da Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlərə toxunularaq, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə Rusiya ilə yanaşı, Türkiyə hərbçilərinin də fəaliyyət göstərəcəyi diqqətə çatdırılır.

Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın sözləri də yer alıb: “Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Bu qərar hərbi vəziyyətin dərindən təhlili və sahənin ən yaxşı mütəxəssisləri ilə aparılan müzakirələr əsasında qəbul edilib”.

Məqalədə Azərbaycan üçün böyük tarixi və strateji əhəmiyyətə malik Şuşa şəhərinin noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad olunması xüsusi vurğulanır.

Həmçinin birgə bəyanatın Ermənistanda kəskin etirazla qarşılandığı, ölkədə iğtişaşların başladığı, nümayişçilərin hökumət və parlament binalarını ələ keçirdiyi, baş nazir N.Paşinyanın istefasının tələb olunduğu diqqətə çatdırılır.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.