MƏDƏNİYYƏT
Elçin Qafarlı: Hədəfimiz Azərbaycan filmlərini Türkiyədə keçirilən bütün kino festivallarına cəlb etməkdir
İstanbul, 2 oktyabr, AZƏRTAC
Azərbaycanın Türkiyənin Adana şəhərində keçirilən XXV Beynəlxalq Film Festivalında iştirakı mühüm hadisədir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində ölkəmizin Beynəlxalq Türk Mədəniyyət Təşkilatındakı (TÜRKSOY) rəsmi təmsilçisi Elçin Qafarlı deyib.
Hər il Türkiyənin ayrı-ayrı şəhərlərində onlarla film və teatr festivalının keçirildiyini diqqətə çatdıran E.Qafarlı bildirib ki, bu mərasimlərdə iştirak etmək son dərəcə maraqlı və əhəmiyyətlidir.
“Hədəfimiz Azərbaycan kinolarını Türkiyədə keçirilən bütün kino festivallarına cəlb etməkdir”, - deyə fikirlərini davam edən rəsmi təmsilçi əminliklə bildirib ki, bu cür tədbirlər bir tərəfdən kino və tamaşalarımızın təbliğinə xidmət edirsə, digər tərəfdən isə bu sahələrdə çalışan yeni nəslin nümayəndələrinin digər ölkələrdən olan həmkarları ilə ünsiyyətlərinin qurulması baxımından əhəmiyyətlidir.
E.Qafarlı deyib: “Azərbaycan kinosunun ötən 120 illiyik həyatı böyük bir mədəniyyət yoludur. Bu yolun işıqlı gələcəyini təmin etmək üçün onun arxada buraxdığı izləri daha dərindən öyrənib və tanıtmaq mühüm bir vəzifədir.”
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul