REGİONLAR
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bu günədək 274 min 949 fermer qeydiyyatdan keçib
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-dək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 274 min 949 fermer qeydiyyatdan keçib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlərdən 198 min 837 nəfər EKTİS-də öz aqrar fəaliyyətlərini torpaq mülkiyyəti haqqında Dövlət Aktı/Şəhadətnamə əsasında rəsmiləşdiriblər. 55 min 388 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 5 min 198 fermer icarə sənədi, 2 min 644 fermer etibarnamə, 576 fermer vərəsəlik şəhadətnaməsi, 231 fermer arayış, qalan fermerlər isə digər müvafiq sənədlər əsasında EKTİS-də qeydiyyatdan keçiblər.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşən fermerlərin sayına görə Sabirabad rayonu ilk yeri tutur. Bu rayon üzrə subsidiya alan fermerlərin 90,32 faizi, yaxud 14 min 794 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil ediblər. Xaçmazda 11 min 113, Cəlilabadda 10 min 29, Şəkidə 9 min 962, Bərdədə 8 min 974, Saatlıda 8 min 943, Qubada 8 min 751, İmişlidə 8 min 743 fermer EKTİS-də qeydiyyat prosedurunu tamamlayıb.