İQTİSADİYYAT
“Elektron imza” vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı artmaqda davam edir VİDEO
Bakı, 9 mart, AZƏRTAC
“Elektron imza” vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı artmaqda davam edir.
“Elektron imza” virtual mühitdə istifadəçinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. Bu, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi “elektron imza” virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Məhz bu səbəbdən də “elektron imza” istifadəçilərinin sayı artmaqda davam edir.
Belə ki, “elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 mart tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 67.042, fiziki şəxslər üzrə 17.304, hüquqi şəxslər üzrə isə 17.384 olmaqla, ümumilikdə 101.730 elektron imza sertifikatı Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.
Məlumatda bildirilir ki, 2017-ci ilin ilk 2 ayı ərzində istifadəyə verilən “elektron imza” sertifikatının ümumi sayı 1514 olub. Onlardan dövlət qurumlarının payına 1060, fiziki şəxslərin payına 94, hüquqi şəxslərin payına isə 360 “elektron imza” sertifikatı düşüb.
Bundan əlavə, “elektron imza” vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günə qədər dövlət qurumları tərəfindən 15.858.892, hüquqi və fiziki şəxslər üzrə 3.560.581 olmaqla, ümumilikdə 19.419.473 audentifikasiya və “elektron imza” əməliyyatı aparılıb. Cari ilin ilk 2 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 1.584.680 olub ki, bu da ümumi aparılmış əməliyyatların 9 faizi deməkdir. Beləliklə, dövlət qurumlarının payına toplam olaraq 1.062.498, hüquqi və fiziki şəxslərin payına isə 504.082 audentifikasiya və “elektron imza” əməliyyatı düşüb.