İDMAN
Eliso Bedoşvili: Milli Gimnastika Arenası möhtəşəmdir
Bakı, 14 fevral, AZƏRTAC
Milli Gimnastika Arenası möhtəşəmdir, burada idmançı və məşqçilərin arzuladığı hər cür şərait var.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında olan bədii gimnastika üzrə Gürcüstan milli komandasının böyük məşqçisi Eliso Bedoşvili deyib.
Bildirib ki, məqsədimiz Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır:
“Azərbaycan Gimnastika Federasiyası (AGF) bizi dəvət edib və builki ilk yarışımıza hazırlaşmağa imkan yaradıb. Biz Moskvada keçirilən Qran-Pri yarışı, eləcə də dünya kubokunun lisenziya xarakterli yarışlarına hazırlaşırıq. AGF bizi hər zaman dəstəkləyir, kömək edir və məşqlər üçün ən yaxşı şəraiti yaradır”.
E.Bedoşvili qeyd edib ki, Bakıya təlim-məşq toplanışına yalnız Salome Pajava gəlib, onun Olimpiya Oyunlarına vəsiqə qazanmaq şansı böyükdür: “Ona görə də gimnastımızın ən yaxşı şəraitdə məşq etməsi və qarşıdakı yarışlara hazırlaşması vacibdir. AGF-də çox mehriban kollektiv işləyir, onlar bizim proqramımızda çatışmazlıqları göstərirlər. Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva kompozisiyalarda hər bir detala diqqət verir. Bizim üçün yaxşı mütəxəssislərin fikri çox vacibdir”.