ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutunun əməkdaşları Qazaxıstanda keçirilən beynəlxalq konfransda sertifikata layiq görülüblər
Bakı, 4 iyul, AZƏRTAC
AMEA-nın Elm Tarixi İnstitutunun Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları Qazaxıstanın R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun “Dəyişən dünyada Qazaxıstan və Şərq ölkələri: təhlükəsizlik və əməkdaşlıq problemləri” mövzusunda keçirdiyi beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, konfransda institutun Təbiət və dəqiq elmlər şöbəsinin müdiri dosent Vüsalə Həsənova “Göllərin ekoloji vəziyyəti və onlara antropogen amillərin təsiri”, tarix üzrə fəlsəfə doktoru Nazilə Soltanova isə “Dünya elminin inkişafında İslamın rolu” mövzusunda məruzələrini təqdim ediblər.
Müxtəlif ölkələrdən, əsasən Şərq coğrafiyasından iştirakçıların qatıldığı konfransda dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm sahələrində akademik mövzular və digər aktual məsələlər müzakirə edilib, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi aparılıb.
Konfrans iştirakçılarına sonda sertifikat təqdim olunub.