ELM VƏ TƏHSİL
“Elm aylığı” çərçivəsində növbəti müzakirə: ekonofizika
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə keçirilən “Elm aylığı” çərçivəsində növbəti müzakirə “Yeni elm sahələri- ekonofizika” mövzusuna həsr olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor, professor Ədalət Muradov “Elm aylığı”nda keçirilməsi nəzərdə tutulan tədbirlərdən birinin yeni elm sahələrini əhatə etdiyini söyləyib. O, müasir dövrdə bir istiqamətli elm sahələrinin aktual olmadığını deyib, yeni elm sahəsi kimi 90-cı illərin ikinci yarısından meydana çıxan ekonofizika ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb.
Rektor ekonofizika barədə məlumatın azlığını nəzərə almaqla, ilk dəfə olaraq müxtəlif elm sahələrinin nümayəndələrinin eyni problemə müxtəlif bucaqdan baxışının ümumiləşdiriləcəyini vurğulayıb. Ə.Muradov ölkənin inkişafına xidmət edən tədqiqatların aparılmasının vacibliyindən söz açıb, UNEC-də Ekonofizika Tədqiqat Mərkəzinin yaradıldığını bildirib. Mərkəzə tanınmış alim, professor Şahlar Əsgərovun rəhbərlik edəcəyini deyib.
Tədbirdə Ş.Əsgərov “Ekonomikadan ekonofizikaya” mövzusunda təqdimatla çıxış edib. O, müasir dövrdə fənlər və sahələrarası elmlərin daha çox diqqəti cəlb etdiyini bildirib, son zamanlar fizika ilə iqtisadiyyatın birləşməsində oxşar proseslərin getdiyini və bunun nəticəsində yeni bir elmin - ekonofizikanın yarandığını diqqətə çatdırıb. Alim çıxışında ekonofizikanın təriflərini açıqlayaraq, onun tədqiqat obyektləri, məqsədi və predmeti barədə ətraflı məlumat verib, fizikanın iqtisadiyyatda tətbiqini riyazi modellərdən istifadə əsasında şərh edib.
UNEC-in məzunu, Malayziya Milli Universitetinin tədqiqatçısı Səid Cəfərli ekonofizika elmi barədə apardığı araşdırmalardan danışıb.
Sonra ekonofizikanın aid olduğu sahə və digər suallar ətrafında müzakirələr aparılıb.