ELM VƏ TƏHSİL
“Elm həftəsi” çərçivəsində innovativ layihələrə dair təqdimatlar edilib
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) təşkilatçılığı ilə keçirilən “Elm həftəsi” çərçivəsində tədbirlər davam edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, martın 12-də YT Parkın fəaliyyət prosesi, eləcə də AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan elmi müəssisə və təşkilatlarda əldə edilmiş mühüm elmi nəticələr, o cümlədən innovativ ideyalara dair təqdimatlar keçirilib.
Tədbiri YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov açaraq ölkə rəhbərinin “Elm günü”nün təsis edilməsi haqqında 2018-ci il 9 aprel tarixli Sərəncamını xatırladıb. Bununla əlaqədar AMEA-da “Elm həftəsi”nin keçirildiyini söyləyib.
Nazim Şükürov “Elm həftəsi” çərçivəsində AMEA-nın elmi bölmələri tərəfindən konfransların və sərgilərin təşkil edildiyini, eləcə də bölmələrə daxil olan institutların alim və tədqiqatçıları tərəfindən prioritet mövzularda təqdimatların, ixtira və innovasiyalı layihələrin nümayiş etdirildiyini vurğulayıb. YT Park tərəfindən “Ən yaxşı innovasiyalı ideya”, “Ən yaxşı innovasiyalı layihə” və “Ən yaxşı innovasiya məhsulu” üzrə müsabiqələrin qaliblərinin pul mükafatı ilə təltif olunacaqlarını bildirib.
Sonra YT Parkın patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinin müdir müavini Vüsal Süleymanlı təmsil etdiyi qurumun fəaliyyət prosesi barədə təqdimatla çıxış edib. Bildirib ki, YT Park dövlət başçısının 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi məqsədilə yaradılıb.
Vüsal Süleymanlı qurumun ekspertlər şurası tərəfindən yeni ideyaların uğurlu tətbiqi üçün biznes planının, texniki-iqtisadi əsaslandırılmanın, satış bazarı, həmçinin marketinqin müəyyənləşdirilməsinə dəstəyin verildiyini, eləcə də YT Park ərazisində bizneslə məşğul olmaq istəyənlər üçün vergi, gömrük və digər güzəştlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
O, YT Park ərazisində 10 rezidentin fəaliyyət göstərdiyini, hərbi və mülki təyinatlı dronların, qoruyucu jiletlərin, akkumulyatorların, sürtkü yağlarının, yuyucu məhsulların istehsal olunduğunu bildirib. Bundan əlavə, AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən rəsmiləşdirilmiş ixtiraların patent bankının yaradıldığını, onların kommersiyalaşdırılması istiqamətində işlərin həyata keçirildiyini deyib.
Sonra Geologiya və Geofizika, Neft və Qaz, Coğrafiya institutlarının, Respublika Seysmoloji Xidmət Mərkəzinin, AMEA-nın Təbiət Tarixi Muzeyinin, Bakı Ali Neft Məktəbinin və Milli Aviasiya Akademiyasının nümayəndələrinin təqdimatları nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Daha sonra qonaqlar üçün YT Park ərazisində biznes tur təşkil olunub. İştirakçılar Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olub, həmçinin qurumun rezidentləri - Təcrübə-Sənaye Zavodu və “Millers oils Azerbaijan” MMC-nin istehsal prosesinə baxış keçirib, sürtkü yağlarının istehsalı və qablaşdırılması prosesi barədə məlumat alıblar.