ELM VƏ TƏHSİL
Elm və təhsilin idarə olunması istiqamətində aparılan islahatlar bu sahələrin inteqrasiyalı inkişafını təmin edəcək
Bakı, 29 iyul, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanı bütün digər sərəncam və dövlət proqramları kimi dövrün reallıqlarından və yeni çağırışlardan irəli gəlir. Artıq dünya yeni mərhələyə qədəm qoyub, yeni prioritetlər, yeni standartlar formalaşır. Dünyada elmin inkişaf tempində də nəzərəçarpacaq sürətlənmə müşahidə olunmaqdadır. Bu baxımdan Azərbaycan elmi də yeni çağırışlarla adekvatlıq təşkil edəcək səviyyəyə gəlməlidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin sədri AMEA-nın müxbir üzvü Sudeif İmamverdiyev söyləyib. Professor bildirib ki, bu Fərman Azərbaycanda elmi sahədə arzulanan inkişafın təməlini qoyacaq.
Hesab edirəm ki, Azərbaycan elminin səviyyəsi dövlətimizin hazırkı yüksək potensialı və ölkəmizin sürətli inkişaf imkanları ilə paralellik təşkil etməlidir. Biz artıq köhnə stereotiplərdən və tənəzzülə səbəb olan amillərdən qurtulmayıq. Odur ki, dövlətimizin başçısının imzaladığı bu Fərmanı alqışlayıram. Biz əminik ki, bu mühüm sənəd ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsində, həmçinin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsində mühüm rol oynayacaq. Elm və təhsilin idarə olunması istiqamətində aparılan islahatlar bu sahələrin inteqrasiyalı inkişafını təmin edəcək.
“Əlbəttə, elmi təhsilsiz təsəvvür etmək mümkün deyil. Elm və təhsilin faktiki olaraq bir mərkəzdən idarə olunması sözsüz ki, bu iki sahə arasında inteqrasiya prosesini də sürətləndirəcək. Bu isə həm təhsilin səviyyəsinin yüksəlməsinə, həm də yeni dövrün tələblərinə uyğun elmi tərəqqinin əldə olunmasına gətirib çıxaracaq”, - deyə professor S.İmamverdiyev bildirib.