SİYASƏT


Elman Nəsirov: Milli Məclis işini Azərbaycan Prezidentinin islahatlar kursuna uyğun quracaq

Bakı, 11 mart, AZƏRTAC

Martın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə altıncı çağırış Milli Məclisin ilk iclası keçirildi. Dövlət başçısı parlamentdə dərin məzmunlu çıxış etdi. Prezidentin çıxışında qaldırdığı məsələlər sırasında xüsusilə çoxpartiyalılığın Azərbaycan siyasi sisteminin inkişafında yeri və rolu ilə bağlı məqamı vurğulaması təqdirəlayiqdir. Dövlət başçısı 2018-ci ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra onun təşəbbüsü ilə ölkədə dərinləşən islahatlar kursuna start verildiyini və bu islahatlar kursunun bütün sferaları əhatə etdiyini diqqətə çatdırdı. Bildirdi ki, islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirildi. Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. Fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdə xalqın iradəsini əks etdirən parlament heyəti formalaşdı. Parlamentin bugünkü tərkibi göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də zərurət var idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasının katibi, professor Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, parlamentin çoxpartiyalılıq əsasında formalaşması və müstəqil Azərbaycanın tarixində ilk dəfə Milli Məclisin Sədrinin qadın nümayəndə seçilməsi yenilənmənin təzahürüdür. Bu amil həm də ölkəmizdə qadınların hüquqlarının qorunduğunu deməyə əsas verir.

Elman Nəsirov bildirib ki, ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. İkinci mühüm hadisə Azərbaycan parlamentində bitərəflərlə yanaşı, azlıqda olan partiyaların nümayəndələrinin təmsil olunmasıdır. Bu, çox mühüm məsələdir və bir daha göstərir ki, Milli Məclis çoxpartiyalılıq prinsipi əsasında formalaşıb. Təkcə vitse-spikerlər deyil, komitə sədrləri səviyyəsində də azlıq təşkil edən partiya üzvlərinin təmsil olunması dediklərimizi bir daha təsdiqləyir. Vətəndaş Həmrəyliyi Partiyası müxalifətyönümlüdür və bu gün həmin partiyanın təmsilçisi Milli Məclis sədrinin mavini vəzifəsinə seçildi. Bir sözlə, Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması iqtidarla müxalifət arasında gedən dialoqun müsbət müstəvidə tamamlandığını deməyə əsas verir. Bu da ölkədə sabitliyi, əmin-amanlığı təcəssüm etdirir.

“Düşünürəm ki, altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərəcək və dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına öz töhfəsini verəcək. Parlament xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini quracaq və normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atacaq”, – deyə Elman Nəsirov diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.