İQTİSADİYYAT
Elman Rüstəmov: Makroiqtisadi sabitliyin bərpası istiqamətində ciddi işlər gedir
Bakı, 30 noyabr, E.Camalov, AZƏRTAC
2017-ci ildə makroiqtisadi sabitliyin möhkəmlənməsi, manatın məzənnəsinin sabitləşməsi, təsbit olunması, qiymətlərin sabitliyinin təmin edilməsi, makroiqtisadi sərtliyin azaldılması üçün imkanlar olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov noyabrın 30-da Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında söyləyib.
Mərkəzi Bankın sədri qeyd edib ki, bu gün əsas prioritet makroiqtisadi sabitliyi bərpa etməkdir. İlkin olaraq biz sabitləşdirmə siyasətinə keçməliyik ki, investorlar bizə inansınlar və vətəndaşların, dövlətin gəlirinin artırılması həyata keçirilsin. Makroiqtisadi çərçivənin əsas elementlərindən olan bank sektorunda tezliklə sabitliyin və kredit aktivliyinin bərpa olunmasına çalışırıq. Mərkəzi Bankın diqqət yetirdiyi əsas məsələ Maliyyə Nazirliyi ilə birlikdə makroiqtisadi sabitliyin bərpasıdır. Bu istiqamətdə ciddi işlər gedir. Yaxın zamanlarda bu işlər yekunlaşacaq.
E.Rüstəmov, həmçinin qeyd edib ki, Azərbaycan qlobal, beynəlxalq layihələr həyata keçirir. Bu layihələri maliyyələşdirmək üçün ölkə öz valyuta resurslarını müəyyən dərəcədə gərginləşdirməyə məcbur olub. Bunları qiymətləndirsək, bütünlükdə tədiyyə balansının bu il gözlənilən 5 milyard dollar mənfi saldosu əhəmiyyətli rəqəmdir. Bunun 88-90 faizi kapitalın hərəkəti ilə bağlıdır. Bu, keçmiş və gələcək üçün götürülən borclarla, öhdəliklərlə və eyni zamanda, həyata keçirdiyimiz layihələrdən götürəcəyimiz gəlirlərlə əlaqədardır.