ELM VƏ TƏHSİL
Elmi konfrans: “Qarabağ Azərbaycandır! Müharibədən Qələbəyə”
Bakı, 6 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qarabağ Azərbaycandır! Müharibədən Qələbəyə” mövzusunda onlayn formatda Respublika elmi konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, konfransda çıxış edən ADPU-nun rektoru, professor Cəfər Cəfərov Qarabağın işğaldan azad edilməsi uğrunda müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Qələbənin hər bir azərbaycanlı üçün qürurverici olduğunu vurğulayıb.
Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusunun qısa müddətdə həyata keçirdiyini diqqətə çatdırıb.
Onlayn konfransda ADPU-nun professoru Oqtay Sultanov “Ərazi bütövlüyümüzün təmin olunmasında diplomatiyanın rolu”, İsveçin UMEA Universitetinin dosenti Səadət Kərimi “İsveçdə Azərbaycan ziyalılarının Qarabağ uğrunda informasiya cəbhəsində apardığı savaş”, Türkiyənin EGE Universitetinin professoru Aydın İbrahimov “Erməni cəmiyyətinin xüsusiyyətləri”, Avstraliyanın Makkuori Universitetinin professoru Əli Əkbər Rəsuli “Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının xəritələşdirilməsində peyk təsvirlərinin qabaqcıl emalı prosedurlarının tətbiqi”, ADPU-nun dosenti Yasin Qaraməmmədli "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi konfliktoloji baxımdan" mövzularında məruzələrlə çıxış etdilər.
Konfrans müzakirələrlə yekunlaşıb.