REGİONLAR
Elmi-nəzəri konfransda ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən danışılıb
Naxçıvan, 24 noyabr, AZƏRTAC
Bu gün Azərbaycan Silahlı Qüvvələri istər döyüş qabiliyyətinə, istərsə də silah-sursat və maddi-texniki təchizatına görə Cənubi Qafqazın ən qüdrətli ordusudur. Bu mənada ordumuz hər an torpaqlarımızı düşmən işğalından azad etməyə qadirdir.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər universitetinin pedaqoji fakültəsinin Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə təşkil etdiyi elmi-nəzəri konfransda səsləndirilib.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müasir dövrdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi məsələsinin mühüm əhəmiyyət daşıdığını və bu mənada gənc nəsli psixoloji, mənəvi baxımdan hərbi xidmətə hazırlamağın vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov “Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, bu gün Azərbaycanın güclü və qüdrətli ordusu var. Son illərdə orduya ayrılan xərclər, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun müasir əsaslarla komplektləşdirilməsi bunu deməyə əsas verir. Səxavət Salmanov onu da bildirib ki, görülən bu işlər çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşı, kapitan Elşən Babayev “Naxçıvan Muxtar Respublikası və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində çağırış kampaniyalarının keçirilməsi” adlı məruzəsində müstəqil Azərbaycanda nizami ordu quruculuğunun müəllifi olan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında görülən işlərdən, Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə çağırış kampaniyasının yüksək səviyyədə təşkilindən danışıb.
Dövlət Xidmətinin əməkdaşı, kapitan Vüsal Əliyev “Həqiqi hərbi xidmətin növləri” adlı məruzəsində qeyd edib ki, Azərbaycan Respublikasında çağırışaqədər yaş həddində olan vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir və respublikanın müdafiə siyasəti ölkəmizin hərbi və digər sahələrində maraqlarının təmin olunmasına yönəlib.
Universitetin çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müəllimi Vidadi Salmanov “Azərbaycan hərbi qanunvericiliyi və onun vəzifələri” adlı məruzəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik prinsip və ənənələrinin qorunması naminə həyata keçirilən tədbirlərdən danışıb.