ELM VƏ TƏHSİL
Elmi seminar: Müstəqillik dövrünün iqtisadi transformasiyası
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbində dövlət müstəqilliyinin bərpasının otuzuncu ildönümünə həsr edilən “Müstəqillik dövrünün iqtisadi transformasiyası: ənənəvi iqtisadiyyatdan bilik iqtisadiyyatına keçid” mövzusunda seminar keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin rəhbəri dosent Altay İsmayılov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iqtisadi inkişafdakı rolunu qeyd edib. Eyni zamanda, Azərbaycan üçün bilik iqtisadiyyatına keçidin zəruriliyini vurğulayıb.
Sonra isə Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin əməkdaşı Təhmasib Əlizadə Azərbaycan iqtisadiyyatının son 30 ildə əldə etdiyi göstəricilərə əsaslanan təhlilləri təqdim edib. O, təqdimatında Azərbaycan iqtisadiyyatının innovasiyaya əsaslanan yeni modelə keçid və bilik iqtisadiyyatının formalaşdırılması üçün zəruri olan siyasətdən bəhs edib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.