ELM VƏ TƏHSİL
Elmi seminarda tələbələr erməni terrorizmi barədə məlumatlandırılıb
Bakı, 10 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) təşkilatçılığı ilə “Gənclərin ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və beynəlxalq erməni terrorizmi barədə məlumatlandırılması” layihəsi çərçivəsində dördüncü elmi-praktik seminar keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, humanitar və sosial məsələlər üzrə prorektor, professor Fikrət Rzayev layihənin növbəti elmi-praktik seminarının çox mühüm ictimai və siyasi məsələyə həsr olunduğunu bildirib.
Ekspert Aydın Xan Əbilov milli irsimizdən, onun qorunması və təbliği yollarından danışıb.
Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Natiq İsayev təmsil etdiyi qurumun fəaliyyətində erməni plagiatçılığına qarşı və milli irsimizin mühafizəsi üçün görülən qabaqlayıcı tədbirlər haqqında söz açıb. O qeyd edib ki, agentlik Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir və Azərbaycanın maddi-mədəni irs nümunələrinin ÜƏMT-də rəsmi qeydiyyatdan keçirilməsi, mənfur qonşularımızın yalan iddiaları ilə bağlı operativ iş aparır.
Xarici İşlər Nazirliyi yanında UNESCO üzrə Milli Komissiyanın ikinci katibi Nahid Ömərov bu sahədə diplomatik missiyanın fəaliyyətindən, əldə olunan uğurlardan danışıb.
Sonra mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılıb.