ELM VƏ TƏHSİL


Elmi sessiya: Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı əlyazma və sənədlərdə

Bakı, 22 may, AZƏRTAC 

Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan dramaturqu və publisisti Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı əlyazma və sənədlərdə” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli böyük ədibin Azərbaycan ədəbi-ictimai fikrinin formalaşmasındakı rolundan danışıb. Akademik qeyd edib ki, “Molla Nəsrəddin” jurnalı vasitəsilə öz vətəninin, millətinin irəli getməsi uğrunda fəaliyyət göstərən Mirzə Cəlil həm də iqtisadi görüşləri ilə dünya səviyyəli bir ziyalı olub. Ensiklopedik zəkaya sahib bir şəxsiyyət olan Mirzə Cəlilin qoyduğu ənənələr bu gün də davam etdirilir.

Əlyazmalar İnstitutunun direktor müavini, professor Paşa Kərimov “Cəlil Məmmədquluzadənin Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivi barədə” mövzusunda məruzəsində ədibin zəngin arxivində saxlanılan ictimai-siyasi və publisistik məktublardan bəhs edib. Məruzəçi C.Məmmədquluzadə irsinin araşdırılması istiqamətində müxtəlif dövrlərdə Əlyazmalar İnstitutunda aparılan tədqiqat işlərindən söz açıb.

Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfovun “Cəlil Məmmədquluzadə yaradıcılığı və Füzuli irsi” mövzusunda məruzəsi dinlənilib. O, Cəlil Məmmədquluzadə yaradıcılığı ilə dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı arasında bəzi oxşarlıqların olduğunu və bunların xalq yaradıcılığından qaynaqlandığını söyləyib. Bildirib ki, köhnə adət-ənənələrə qarşı mübarizə aparan hər iki sənətkar öz əsərlərində oxşar alleqorik obrazlardan istifadə ediblər.

Filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Cəlil Məmmədquluzadənin xatirələri Azərbaycan memuar ədəbiyyatının klassik nümunəsi kimi”, filologiya üzrə fəlsəfə doktoru Afaq Əliyevanın “Cəlil Məmmədquluzadə əsərlərinin nəşri dövrün ideoloji kontekstində”, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın “Cəlil Məmmədquluzadənin ədəbi məktubları” mövzularında məruzələri dinlənilib.

Sonra Cəlil Məmmədquluzadənın yaradıcılığı ilə bağlı çıxışlar olub.

Qeyd edək ki, elmi sessiya Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına əsasən hazırlanan tədbirlər planı çərçivəsində reallaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.