ELM VƏ TƏHSİL
Elmi-tədqiqat bazalarından effektiv istifadə imkanları müzakirə olunub
Bakı, 26 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “İctimai elmlərdə tədqiqat metodları və elmi-tədqiqat bazalarından effektiv istifadə imkanları” mövzusunda təlim-seminar keçirilib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, təlim-seminarda universitetin marketinq kafedrasının dosenti Elçin Süleymanov tədqiqat mövzusunun seçilməsi, ölkə əhəmiyyətli məqalələrin yazılıb jurnallara ünvanlanması və elmi-tədqiqat bazalarında profil açılmasının faydalarından danışıb. O, Azərbaycan universitetlərinin tədqiqat mərkəzlərində və müvafiq laboratoriyalarında aparılan araşdırmaların beynəlxalq elmi bazalardakı mövcud vəziyyətinə münasibət bildirib.
İkigünlük seminarda “Web of Science Clarivate” bazasından elmmetrik və “Scopus” verilənlər bazalarından effektiv istifadə, elmi jurnalların indekslənmə sistemləri və elmmetrik göstəricilərin təhlilinin əhəmiyyətindən bəhs edilib.