ELM VƏ TƏHSİL


Elmin İnkişafı Fondu “Türk Dünyası Araşdırmaları” beynəlxalq qrant müsabiqəsi elan edib

Bakı, 22 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Türk Dünyası Araşdırmaları” məqsədli beynəlxalq qrant müsabiqəsi elan edib.

EİF-dən AZƏRTAC-a bildirilib ki, müsabiqə çərçivəsində Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq, “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant alt-müsabiqələrinin təşkili nəzərdə tutulur. EİF və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən keçiriləcək “AzTürk-1” beynəlxalq qrant müsabiqəsinin məqsədi Azərbaycan və Türkiyədən olan alim və mütəxəssislərin təqdim etdikləri birgə elmi-tədqiqat layihələrinin təşkilatçı qurumların birgə qrantları vasitəsilə dəstəkləməkdir. Həmçinin bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaratmaq, yeni əməkdaşlıq imkanları yaratmaq, elmi təcrübə və bacarıqların mübadiləsini aparmaq, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə etməkdir. Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 400.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

EİF tərəfindən keçiriləcək “Azərbaycan və Türk Dünyası” tədqiqatları qrant müsabiqəsinin məqsədi isə “Elm haqqında” Qanunda (maddə 3) göstərilmiş prioritetlər üzrə təqdim edilən layihələrin, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, türkdilli ölkələrə qarşı törədilmiş cinayətlər, o cümlədən Xocalı soyqırımı, erməni diasporunun məkrli fəaliyyəti, iddiaları, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması, sosial və tibbi problemlərinin araşdırılmasına dair tədqiqatların maliyyələşdirilməsidir. Həmçinin türk dünyası ölkələrinin maddi və qeyri-maddi irsinin tədqiqinə həsr olunmuş, türkdilli xalqların mənşəyi, genetik spesifikliyi, milli tərkibi, demoqrafik vəziyyəti, ümumtürk mifologiyası, eposları, yazılı ədəbiyyatı, əlyazmaları, leksikası, maarifçilik və bilik fəlsəfəsi, sosiologiyası, abidələri, islam mədəniyyətinin, türk dünyası ölkələrinin geosiyasi problemləri, iqtisadiyyatı, tarixi, davamlı inkişafı və inteqrasiya prosesləri, ekoloji, tibbi, bioloji və aqrar problemləri əhatə edən fundamental-tətbiqi xarakterli elmi-tədqiqat layihələri də müsabiqə yolu ilə dəstəklənəcək. Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200.000 manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqədə iştirak etmək üçün hər iki alt-müsabiqə üzrə qrant layihələri noyabrın 1-dən gələn il yanvarın 31-i saat 17:00-dək qəbul olunacaq. “AzTürk-1” alt-müsabiqəsi üzrə nəticələrin gələn ilin ikinci yarısında, “Azərbaycan və Türk Dünyası” tədqiqatları alt-müsabiqəsinin nəticələrinin isə həmin ilin birinci yarısında açıqlanması planlaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.