MƏDƏNİYYƏT
Elnur Mikayılov: Avropa Oyunlarının bağlanış mərasimində kamançada ifam dünyaya bir mesaj idi
Bakı, 30 iyun, AZƏRTAC
"Bakı 2015" birinci Avropa Oyunlarının bağlanış mərasimində yaddaqalan ifalardan biri də Azərbaycanın milli aləti olan kamançanın payına düşüb.
AZƏRTAC xəbər verir ki, alətin imkanlarından məharətlə və bacarıqla istifadə edərək onun səsini dünya ictimaiyyətinə çatdıran Elnur Mikayılov əslində bunu mesaj xarakteri daşıdığını bildirib.
O deyib: "Tarın Azərbaycanın milli aləti olduğu UNESCO-da təsdiqini tapıb. Kamança da bizim milli alətimizdi. Amma onun tarixini yadlaşdırmaq istəyənlər var. Ermənilər buna daha çox cəhd göstərirlər".
Elnur Mikayılov bildirib ki, bağlanış mərasiminin proqramı hazırlanarkən rejissor tərəfindən dəvət alıb. Təklif olundu ki, qarışıq bir parça ifa edim. Bir neçə dəqiqə ərzində həm kamançanın xarakterini göstərə bildim, həm də mistik musiqi səsləndirdim. Bu, Azərbaycanı izləyən dünya ictimaiyyətinə bir mesaj idi. Biz kamançanın da milli alətimiz olduğunu göstərdik".
Elnur Mikayılov belə bir missiyanın ona həvalə olunmasından qürur duyduğunu söyləyib.