CƏMİYYƏT
Elşad Hacıyev: Vətəndaş məmnunluğunun təmin olunması üçün polis tərəfindən hər cür imkan yaradılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsi vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir. Baş İdarənin fəaliyyət sahəsinə daxil olan, ictimai münasibətləri təhdid edən sosial neqativ hallarla bağlı daxil olan bütün müraciətlər, istisnasız olaraq araşdırılır. Heç bir müraciətə etinasızlıq göstərilmir.
Baş İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZƏRTAC-a bildirib ki, vətəndaşların müraciət etməsi üçün 102 - Zəng Mərkəzi Xidməti daxil olmaqla internet-informasiya resurslarından, eləcə də sosial şəbəkələrdən geniş imkanlar yaradılıb. Məzmunundan asılı olmayaraq, hər bir müraciət diqqətlə öyrənilir. Vətəndaşları narahat edən hallar, xüsusilə cinayətə meyilli şəxslərin qeyri-aşkar şəraitdə törətdikləri əməllərlə bağlı məlumatlar məxfilik təmin olunmaqla nəzarətə götürülür, ən müasir metodlarla yoxlanılır. Vətəndaş heç bir ərazi polis orqanına dəvət olunmadan, sorğu-suala çəkilmədən təxirəsalınmaz qaydada müvafiq tədbirlər həyata keçirilir. Hər bir vətəndaş əmin olsun ki, onu narahat edən hallara qarşı polis barışmaz mövqe nümayiş etdirir, cəmiyyəti təhdid edən istənilən hala qarşı mübarizədə onun yanındadır, maraq və mənafelərinin mühafizəçisidir. Polis haqqında ictimai fikrə yönələn böhtan və yalanlar polisin fəaliyyətinə kölgə sala bilməz. Nəzərə alınmalıdır ki, istisnalar ümumi mənzərəni dəyişə bilməz. Polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biri olmaqla, fəaliyyətini gündən-günə təkmilləşdirir. Dövrün çağırış və təhdidlərinə laqeyd yanaşmayan Azərbaycan polisi fasiləsiz olaraq vətəndaşların maraqlarının keşiyindədir.
“Qanunla hər bir şəxsin hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələri var. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir”, - deyə E.Hacıyev bildirib.