CƏMİYYƏT
Energetika Nazirliyində Gənclər Günü qeyd edilib
Bakı, 2 fevral, AZƏRTAC
Energetika Nazirliyi tərəfindən YAP Səbail Rayon Təşkilatının dəstəyi ilə Azərbaycan Gəncləri Günü münasibətilə “Vətənpərvər Azərbaycan Gəncliyi” mövzusunda videokonfrans formatında tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə energetika nazirinin müavini Samir Vəliyev, YAP Səbail Rayon Təşkilatının sədri Şəmsəddin Hacıyev, eləcə də nazirliyin gənc əməkdaşlarının və vətən müharibəsinin iştirakçısı olmuş gənc qazilərin çıxışları dinlənilib. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı naminə göstərdiyi misilsiz xidmətləri barədə məlumat verilib, Ümummilli Liderin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, dövlətimizin gənclərə qayğısından bəhs olunub. Bu gün Azərbaycan gənclərinin cəmiyyətin ictimai həyatında aparıcı qüvvəyə çevrildiyi, dövlətimizin inkişaf və tərəqqisinə töhfələr verdiyi qeyd olunub. 44 günlük Vətən müharibəsi dövründə şanlı qələbənin qazanılmasında, istər ön, istərsə arxa cəbhədə, eləcə də informasiya müharibəsində gənclərimizin rolu yüksək qiymətləndirilib.
Tədbirdə Gənclər Gününə həsr olunmuş videoçarx izlənilib.