İQTİSADİYYAT
Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi üzrə işlərin icrası təmin olunub
Bakı, 31 yanvar, AZƏRTAC
Energetika Nazirliyi enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi üzrə işlərin icrasını təmin edib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.
Bildirilir ki, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı üzrə Energetika Nazirliyinin əsas icraçı olaraq 2017-2020-ci illərdə tamamlanması nəzərdə tutulan 1 tədbirin (1.2.4. Enerji istehlakçılarının enerjidən səmərəli istifadəyə yönləndirilməsi) icrası təmin olunub.
Bundan başqa, “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.2.1-ci (Alternativ və bərpaolunan enerji potensialının qiymətləndirilməsi) və “Azərbaycan Respublikasında neft-qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 1.2.2-ci (Baş plan çərçivəsində milli iqtisadiyyatın hədəflərinə uyğun hasilat hədəflərinin müəyyən edilməsi) bəndlərinin icrası ilə bağlı 2017-ci il ərzində görülən işlərə dair məlumatlar Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasına və İqtisadiyyat Nazirliyinə rəy və təkliflərin bildirilməsi üçün təqdim edilib.