İQTİSADİYYAT
“Enterpriseazerbaijan.com” portalı təlim keçirib
Bakı, 25 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Enterpriseazerbaijan.com” portalının təşkilatçılığı ilə “İnnovativ startapları necə inkişaf etdirməli?” mövzusunda təlim keçirilib.
Təlimi Türkiyənin Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş icraçı direktoru, Harvard Universitetinin məzunu Ussal Şahbaz aparıb. Müzakirələrdə biznes ideyalarının müəllifləri, startapçılar və gənc sahibkarlar iştirak edib.
İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə uğura gedən yolda startapçıların diqqət yetirməli olduğu fundamental məqamların bu istiqamətdə ən uğurlu nümunələri müqayisəli şəkildə təhlil olunaraq təyin edilməsi və tətbiqi yolları praktiki misallar və infoqrafikalarla izah edilib. Təlimdə “Biznesə yeni başlayan gəncləri daha çox maraqlandıran startapçının ilk addımları hansılar olmalıdır”, “Startapın dostları kimlərdir?”, “Kimlərlə və hansı formada əməkdaşlığın qurulması faydalıdır?” suallarına cavab verilib. Bundan başqa, yeni texnologiyaların inkişafının, süni intellektin tətbiq dairəsinin genişlənməsinin biznes sahəsində yaratdığı nəticələrdən, uğurlu biznes qurulmasında bu inkişafdan müsbət istiqamətdə yararlanmağın yollarından danışılıb.
“Enterpriseazerbaijan.com” portalının meneceri Aytən Məmmədova bildirib ki, portal yarandığı gündən etibarən xarici təcrübənin öyrənilməsi ilə bağlı ciddi addımlar atır və bu təcrübənin də startapçılara ötürülməsi üçün bu tip təlim və seminarlar təşkil edir: “Ussal Şahbazın düşüncə lideri kimi böyük təcrübəyə malik olduğunu nəzərə alaraq, bu təlimin startapçıların yeni fikir, ideya və məlumat əldə etməsi baxımından yaxşı fürsət olduğunu düşünürük".
Qeyd edək ki, Ussal Şahbaz son iki ildə “Ussal GE"nin İstanbul İnnovasiya Mərkəzinin direktoru olub. Bundan əvvəl "Ussal Google", "Microsoft" və "Paypal" şirkətlərinin məsləhətçisi kimi fəaliyyət göstərib.