ELM VƏ TƏHSİL
“Erməni soyqırımı” yalanını ifşa edən kitab Azərbaycan və Türkiyənin ortaq taleyinə işıq salır
Bakı, 5 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) ikicildlik “Rus və erməni mənbələri işığında erməni problemi və meydana çıxma prosesi” kitabı təqdim edilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, 1678-1914-cü və 1915-1923-cü illəri əhatə edən ikicildliyin müəllifi Türkiyə Cümhuriyyəti Prezidentinin müşaviri, tarixçi alim, professor Seyyit Sertçelikdir. Kitab Türkiyənin “Türkiyə Petrolları” neft şirkəti tərəfindən Azərbaycan dilində nəşr edilərək MEK-ə təqdim olunub. Kitabın Azərbaycan dilində nəşri üçün rəyi Milli Məclisin deputatları - akademik Nizami Cəfərov və professor Musa Qasımlı veriblər. Sənədlər əsasında yazılan, “erməni soyqırımı” yalanını ifşa edən kitab Azərbaycan və Türkiyə türklərinin ortaq taleyinə, tarixi probleminə işıq salır. Əsərdə Türkiyə əleyhinə istifadə edilən “erməni soyqırımı”nın mahiyyəti, böyük dövlətlər tərəfindən “erməni məsələsi”nin ortaya atılması səbəbləri əks olunub. Moskva və Sankt-Peterburq arxivlərinin materialları əsasında yazılmış tədqiqat əsəri problemin mahiyyətinə və təkamülünə dair tarixi gerçəklikləri üzə çıxarmaq baxımından böyük əhəmiyyətə malikdir.
Kitab MEK-in Milli Rəqəmsal Yaddaş bazasına da daxil edilib. Bundan başqa, nəşr MEK-in sərgi salonunda, akademiklər zalında, yeməkxanada təşkil edilən “açıq kitabxana”da nümayiş etdirilərək oxuculara paylanılıb. MEK tərəfindən kitabın xarici ölkələrin Azərbaycanda təmsil olunan diplomatik korpuslarına, Azərbaycanın xaricdəki səfirliklərinə və diaspor təşkilatlarına göndərilməsi nəzərdə tutulub.