QAN YADDAŞI
“Erməni təcavüzü: XX əsrdə və indi” mövzusunda konfrans keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və “Kaspi” qəzetinin birgə təşəbbüsü ilə “Erməni təcavüzü: XX əsrdə və indi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tanınmış alim və mütəxəssislərin, kütləvi informasiya vasitələri əməkdaşlarının iştirak etdikləri tədbirdə Xocalı faciəsinin dəhşətlərindən söhbət açılmışdır.
Tədbirdə “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətlərdən, onların dünya mətbuatında öz məkrli siyasətlərini həyata keçirmək üçün dərc etdirdikləri materiallardan söz açmışlar.
Bildirilmişdir ki, bütün zamanlarda mənfur qonşularımızın yaydıqları yalan dolu məlumatlara vətənpərvər Azərbaycan alim və jurnalistləri tutarlı faktlarla cavab vermişlər.
Ermənilər uzun illərdir tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəminə gətirmişlər. Bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər. Lakin tarix göstərmişdir ki, yalan və iftiraların heç zaman sonu olmamış və bu yolu tutanlar gec-tez öz layiqli cəzalarını almışlar.
Natiqlər Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə Azərbaycanda və dünyanın bir çox ölkələrində həyata keçirilən silsilə aksiyaları yüksək qiymətləndirmişlər. Bütün bu tədbirlərdə nümayiş etdirilən real faktlar əsasında hazırlanmış materiallar ermənilərin zaman-zaman uydurduqları yalanlara ən tutarlı cavabdır.
Elmi-praktiki konfransda, həmçinin dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktının mediada, o cümlədən dünya KİV-lərində işıqlandırılması ilə bağlı spesifik məqamlara aydınlıq gətirilmişdir.
Konfransda tarix elmləri doktoru Solmaz Tohidi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Baboğlu məruzələrlə çıxış etmişlər.
Məruzəçilər ermənilərin Azərbaycan xalqının başına gətirdikləri müsibətləri tarixi faktlarla bir daha diqqətə çatdırmış və media mənsublarını internet resursları vasitəsilə düşmənlərimizə hər zaman tutarlı cavablar verməyə çağırmışlar.
Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.