SİYASƏT
Erməni terrorizmi faktların dili ilə
Bakı, 2 may (AZƏRTAC). Naxçıvan Dövlət Universitetinin (NDU) elmi kitabxanasında universitetin müəllimi, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədovun “Erməni terrorizmi və ikili standartlar siyasəti” kitabının təqdimat mərasimi keçirilmişdir.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov bu təhsil ocağının elmi kitabxanasının yeni elmi, siyasi və bədii nəşrlərin, dərslik və monoqrafiyaların təbliği istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirmiş, yeni kitabın əhəmiyyətindən danışmışdır. Vurğulanmışdır ki, təqdim olunan monoqrafiya tələbə və magistrlərin, elmi tədqiqatçıların, geniş oxucu kütləsinin erməni terrorizminin mənfur simasına bir daha yaxından bələd olmasında, ona qarşı yekdil mübarizə aparmasında mühüm rol oynayacaqdır.
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, Naxçıvan MR-nin Ali Məclisinin deputatı, universitetin hüquq fənləri kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli məruzəsində qeyd etmişdir ki, kitabda beynəlxalq terror şəbəkəsinin əsasını təşkil edən erməni terrorizminin tarixi və əsas mahiyyətindən, törətdiyi faciələrdən bəhs olunur. Əsərdə Azərbaycan və türk-müsəlman dünyasına qarşı çevrilən erməni terrorizminin bütün bəşəriyyət üçün əsl təhlükə olması, beynəlxalq səviyyədə çox vaxt ona ikili standartlarla yanaşılması, havadarlıq edilməsi, ermənilərin ölkəmizə qarşı əsassız ərazi iddiaları, “Böyük Ermənistan” xülyaları barədə tutarlı dəlillər və elmi-siyasi şərhlər verilmişdir.
Çoxsaylı tarixi mənbələrə və əsaslı faktlara söykənən, “Elm və təhsil” nəşriyyatının mətbəəsində işıq üzü görən yeni tədqiqat əsərinin elmi məsləhətçiləri AMEA-nın həqiqi üzvləri İsa Həbibbəyli və İsmayıl Hacıyev, tarix elmləri doktoru, professor Musa Qasımlıdır. Təqdimat mərasimində universitetin beynəlxalq münasibətlər kafedrasının müəllimləri, tarix üzrə fəlsəfə doktorları, dosentlər Emin Şıxəliyev və Elbrus İsayev, hüquq fənləri kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Şükür Məmmədov, beynəlxalq münasibətlər nəzəriyyəsi və tarixi ixtisaslaşması üzrə magistr Cəbi Quliyev çıxış edərək kitabın elmi məziyyətlərindən, milli və bəşəri, habelə siyasi dəyərindən danışmışlar.
Qeyd olunmuşdur ki, monoqrafiyada erməni terrorunun başlıca siyasi hədəfləri, maliyyə qaynaqları və digər terrorçu təşkilatlarla qarşılıqlı əlaqələri, sosial-siyasi güc mənbələri, erməni siyasi elitasının, diasporunun və din xadimlərinin erməni terroruna havadarlıqları, erməni terrorizminin Rusiyanın hərbi-siyasi elitası ilə bağlılığı, erməni terror təşkilatlarının fəaliyyətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi, Qərb dövlətlərinin və beynəlxalq qurumların, Rusiyanın erməni terroruna münasibətdə ikili standartlar siyasəti yürütməsi və bu siyasətin Azərbaycan üçün mövcud nəticələri ilə bağlı araşdırmalar öz əksini tapmışdır.
Çıxışlarda gənclərin humanizm və vətənpərvərlik ruhunda tərbiyə olunmasında, erməni vandalizmi ilə bağlı əsl həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayacaq kitabın müxtəlif dillərə tərcüməsi və nəşri ilə bağlı təkliflər səsləndirilmişdir. Sonda müəllif kitabın araya-ərsəyə gəlməsindən, mövzu ilə bağlı əldə etdiyi yeni elmi faktlardan söz açmış, tədbirin təşkilində əməyi olan universitet rəhbərliyinə və kitabxananın kollektivinə minnətdarlığını bildirmişdir.
Təqdimat mərasimində Şamxal Məmmədovun elmi-pedaqoji fəaliyyətini əks etdirən slaydlar nümayiş olunmuşdur.