REGİONLAR


Erməni təxribatı nəticəsində Füzulinin 10-a yaxın yaşayış məntəqəsində törədilən dağıntılar qiymətləndirilir VİDEO

Füzuli, 17 noyabr, AZƏRTAC

Erməni təxribatı nəticəsində ən çox atəşə məruz qalan rayonlardan biri də Füzulidir. Ordumuz qarşısında aciz qalan ermənilərin burada mülki əhalini atəşə tutması nəticəsində baş verən dağıntıların müəyyənləşdirilməsi üçün işçi qrupu tərəfindən qiymətləndirmə davam etdirilir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələri tərəfindən törədilən təxribatlara daha çox məruz qalan Füzulidə xeyli dağıntı qeydə alınıb. Döyüşlər zamanı ermənilərin mülki əhalini atəşə tutması evlərin, sosial obyektlərin və mülki infrastrukturun dağılmasına səbəb olub. Rayon ərazisinə ağır artilleriyadan və raket qurğularından atəşlər açılıb. Füzuli ərazisində qeydə alınan dağıntıların ilkin qiymətləndirilməsi üçün hazırda işçi qrupu tərəfindən əraziyə baxış keçirilir.

İşçi qrupunun rəhbəri İsmayıl Zeynalov bildirib ki, erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın ilkin qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər haqqında sərəncam imzalanıb. Müvafiq sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə dövlət komissiyası yaradılıb. Komissiyanın işinin təşkili edilməsi üçün aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupları formalaşdırılıb. Hazırda işçi qrupları tərəfindən işlər həyata keçirilir. Füzulidə də işçi qrupu fəaliyyətini davam etdirir. İşçi qrupu tərəfindən əraziyə baxış keçirilən zaman müəyyən edilib ki, bu günə qədər 139 ev, sosial obyekt və digər binalarda dağıntılar qeydə alınıb. Bundan başqa, rayonun Babı kəndinə düşən raket nəticəsində məsciddə zədələr olduğu müəyyən edilib. Baxış keçirilən 139 obyektdən 6-sı tamamilə dağılıb. Hazırda qiymətləndirmə işləri davam etdirilir.

Erməni təxribatından ziyan çəkən Füzuli rayonunun Babı kəndinin sakini Eldar Cavadov deyir : “Döyüşlərin qızğın vaxtlarında digər kəndlər kimi, bizim də kəndimiz ağır artilleriya və raket atəşinə tutulub. Buna baxmayaraq, biz kəndimizi tərk etmədik, ordumuza güvənərək qələbəyə inanaraq öz kəndimizdə yaşadıq. Bu gün də bu sevinci elə öz doğma yurdumuzda qeyd edirik. Yaşasın Azərbaycan Ordusu!”.

Döyüşlərin canlı şahidi, Füzulinin Şükürbəyli kənd sakini Aftandil Həsənov söyləyib: “Sentyabr 27-dən bizim kənd də atəşə məruz qaldı. Mərmilərdən biri mənim evimə düşdü. Buna baxmayaraq, biz kəndimizi tərk etmədik. Bugünkü qələbə sevincini hər an əminliklə gözlədik. İndi Ordumuzun zəfər xəbərinin sevincini yaşayırıq. İndi bizə dəyən maddi ziyan komissiya tərəfindən araşdırılır. Bu diqqətə və qayğıya görə ölkə rəhbərinə minnətdarıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.