SİYASƏT
Ermənistan hökumətində hərc-mərclik
Bakı, 9 dekabr, AZƏRTAC
Ermənistan Xarici İşlər Nazirliyinin yeni rəhbəri vəzifəsinə təyin edilmiş Ara Ayvazyan Moskvada RF xarici işlər naziri Sergey Lavrov ilə görüşün yekunlarına həsr edilmiş birgə mətbuat konfransında “Azərbaycan tərəfindən işğal edilmiş “Arsax” əraziləri” ifadəsini işlədib. AZƏRTAC bu barədə məlumat vermişdi.
Bu gün isə Ermənistan parlamentinin müdafiə komitəsinin rəhbəri Andranik Koçaryan Azərbaycan ilə diplomatik münasibətlər yaradılması təklifi ilə çıxış edib. Nəzərə almaq lazımdır ki, Koçaryan Baş nazir Nikol Paşinyanı hakimiyyətə gətirən iqtidaryönümlü “Mənim addımım” fraksiyasının üzvüdür. Paşinyan isə, öz növbəsində, XİN-ə yeni rəhbər təyin edib. Beləliklə, çox yöndəmsiz bir üçbucaq alınır: bir tərəfdən xarici işlər naziri hansısa “Azərbaycan tərəfindən işğal edilmiş “Arsax” əraziləri” barədə danışır, digər tərəfdən - elə həmin komandanın başqa bir üzvü Bakı ilə diplomatik münasibətlər yaradılmasını təklif edir.
Bu vəziyyətə bizim münasibətimiz necə olmalıdır? Kim hiylə işlədir, kim düz deyir?
Lakin paradoks bunda da deyil. Bu günlərdə Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələri şərh edərək, sərhədyanı regionların əhalisini bir növ sakitləşdirmək üçün deyib ki, sərhəddə demarkasiya işləri görülür.
Həqiqətən absurddur: baş nazir Ermənistan-Azərbaycan dövlət sərhədinin demarkasiyasından, onun xarici işlər naziri isə “Azərbaycan tərəfindən işğal edilmiş “Arsax” əraziləri”ndən danışır.
Ey qonşular, özünüz deyin, biz hansınıza inanaq? Orada sizin başçınız kimdir?