SİYASƏT
Ermənistan “lider”ləri öz xalqını fəlakətə sürükləməklə yanaşı, yaşadıqları bölgədə münaqişə ocağı yaradıblar
Bakı, 16 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin Tərtərdə dəfn mərasimində iştirak edən mülki əhalini atəşə tutması bu ölkənin terrorçu və cinayətkar mahiyyətini bir daha ortaya qoyur. Bu, təcavüzkar, işğalçı ölkənin insanlığa sığmayan qəddarlığıdır. Düşünürəm ki, heç faşist Almaniyasının dövründə də insanlıq ermənilər törətdiyi qəddarlığın şahidi olmayıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, qana susayan erməni cəlladlarının əzizini son mənzilə yola salan insanları atəşə tutması insanlığa, bəşəriyyətə zərbə vuran hərəkətdir. “Bu terror aktı nəticəsində 4 mülki şəxs həyatının itirib, 4 nəfər isə yaralanıb. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində bir neçə ailə yasa qərq oldu. Bu, insanlığa sığmayan bir cinayətdir”, - deyən Məlahət İbrahimqızı vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı tamamilə işğaldan azad edəndən sonra işimiz bayrağımızı həmin ərazilərdə dalğalandırmaqla bitməyəcək. Deputat, həmçinin bildirib: “Biz ermənilərin, Ermənistanın insanlığa, bəşəriyyətə xələl gətirən hərəkətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq işini davam etdirəcəyik. Biz Azərbaycan xalqına qarşı törətdikləri bütün hərəkətlərə görə onlardan beynəlxalq səviyyədə haqq-hesab tələb edəcəyik. Dünyanı, bəşəriyyəti erməni terrorizmindən xilas etmək üçün mübarizəmiz davam edəcək. Cənubi Qafqaz regionu terrorizmə xidmət edən ünsürlərdən təmizlənməlidir”.
Deputat qeyd edib ki, ilk işimiz Azərbaycan bayrağının işğaldan azad edilmiş torpaqlarda dalğalandırılmasıdır. Amma ikinci mərhələdə erməni vəhşiliyini ifşa etmək, onların törətdiyi cinayətləri dünyaya çatdırmaqdır. Ermənilər beynəlxalq hüquq çərçivəsində layiqli cavablarını alana qədər bu mübarizədən əl çəkməyəcəyik. Neçə əsrlərdir ki, erməni ideoloqları, erməni “liderlər”i öz xalqını fəlakətə sürükləməklə yanaşı, yaşadıqları bölgədə, regionda da münaqişə ocağı yaradıblar. Həmin “lider”lər qətliam törətməklə tarixin yaddaşında qalmağa çalışıblar.
“Amma tarixin yaddaşında o liderlər qalırlar ki, onlar milli maraqlar zəminində bəşəriyyətə töhfə verirlər - Azərbaycan Prezidenti İlham Əliyev kimi. Azərbaycan xalqı öz Prezidenti, Lideri ilə fəxr edir. Biz qalib gələcəyik. Qarabağ Azərbaycandır”, - deyə M.İbrahimqızı vurğulayıb.