ORDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan da istifadə etməklə atəşkəs rejimini 106 dəfə pozub VİDEO
Bakı, 2 sentyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 106 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonunun Voskepar, Voskevan kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Tərtər rayonunun Çiləbürt, Yarımca, Seysulan, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Mərzili, Qaraqaşlı, Kəngərli, Novruzlu, Cəvahirli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 128 atəş zərbəsi endirib.