SİYASƏT
Ermənistan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını təhvil verib
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş hesab olunan şəxslərin axtarılması, onların talelərinə aydınlıq gətirilməsi, hərbi əməliyyatların aparıldığı bölgələrdə meyitlərin basdırıldığı ehtimal edilən ərazilərdə müvafiq ekshumasiya tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərini daim yerinə yetirən Azərbaycan tərəfi bu istiqamətdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), həmçinin Rusiya Federasiyasının sülhməramlı qüvvələri ilə səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Cari il fevralın 12-də Azərbaycan Respublikasının Hərbi prokurorluğunun, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin nümayəndələrinin iştirakı və BQXK-nın vasitəçiliyi ilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına aid olduğu güman edilən 7 meyitin qalıqlarını erməni tərəfi Şuşa şəhərinin yaxınlığında təhvil verib.
Hazırda həmin meyitlərin qalıqlarının eyniləşdirilməsi məqsədilə aparılan təxirəsalınmaz zəruri prosedurlar bitdikdən sonra meyitlər ailə üzvlərinə veriləcək.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Respublikasının itkin düşmüş digər vətəndaşlarının sonrakı talelərinə aydınlıq gətirilməsi istiqamətində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlar ilə birgə müvafiq tədbirlər görülür.