İQTİSADİYYAT
Ermənistanın sərhəddə törətdiyi təxribatla əlaqədar sığorta ödənişinin verilməsinə başlanılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Noyabrın 16-da Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev deyib.
“Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olub, 10 hərbi qulluqçu isə yaralanıb. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə “Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti” tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”, - deyə E.Mirsalayev bildirib.